Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar

Qaydalarda istifadə olunan anlayışlar:

1.1. Qaydalar - İstifadəçi tərəfindən qəbul olunan Mobil Bankçılıq vasitəsilə xidmət göstərilməsi haqqında Qaydalar;

1.2. İstifadəçi - Bankın müştərisi olan, Mobil Bankçılıqda qeydiyyatdan keçmiş və Qaydaları qəbul edən fərdi sahibkar və ya hüquqi şəxs;

1.3. Bank – “Unibank Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti;

1.4. Mobil Bankçılıq – Şifrədən və qaydalarda müəyyən olunmuş hallarda Asan İmza-dan istifadə etməklə internet vasitəsilə Qaydalarda nəzərdə tutulmuş əməliyyatların aparılmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan proqramdır. Proqrama çıxış istənilən yerli mobil operatorların abonenti olan istifadəçilərə verilir.

1.5. Mobil telefon SİM-kartı (Subscriber Identification Module) – İstifadəçi tərəfindən Banka bildirilmiş Mobil Bankçılığa və ya Mobil Bankçılığa və Asan İmzasına bağlı olan hər hansı yerli mobil operatorun SİM-kartıdır (nömrəsidir);

1.6. Asan İmza - İstifadəçinin şəxsi imzasının analoqu olan onun mobil telefon SİM-kartına bağlı rəqəmsal imzadır. Asan İmza ilə istifadəçinin şəxsiyyəti təsdiq olunur və sənədlərə rəqəmsal imza qoyulur.

1.7. Şifrə - Mobil Bankçılıqda qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu proqrama daxil olub, qaydalarda nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur. Əməliyyatların və sənədlərin təsdiq edilməsi zamanı şifrə İstifadəçinin imzasının analoqu kimi qəbul olunur. Şifrə ilə təsdiq olunmuş sənədlər kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiq olunmuş sənədlərlə eyni hüquqi qüvvəyə malikdir;

1.8. Qeydiyyat yazısı – şifrənin daxil edilməsi nəticəsində açılan Mobil Bankçılıqda İstifadəçinin şəxsi səhifəsi;

1.9. Mobil cihaz – İstifadəçiyə məxsus Mobil bankçılıq yüklənmiş mobil telefon, smartfon, planşet və sair bu kimi elektron cihazdır.

1.10. Cari hesab - istifadəçinin hesabına daxil olan pul vəsaitlərinin qəbul edilməsi və hesab üzrə əməliyyatların aparılması üçün açılan bank hesabıdır;

1.11. Əmanət hesabı - əmanət müqaviləsinə əsasən istifadəçinin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılan bank hesabıdır;

1.12. Ödəniş kartı (bundan sonra - kart) - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti;

1.13. Kart hesabı - kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan cari bank hesabı;

1.14. Tariflər – İstifadəçiyə göstərilmiş xidmətlər müqabilində Bank tərəfindən birtərəfli qaydada müəyyən edilmiş İstifadəçi tərəfindən ödənilməli olan haqqdır. Tariflər Bankın www.unibank.az saytında yerləşdirilir.

1.15. Şəxsiyyəti təsdiq edən sənəd – Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” ilə müəyyən olunur.

1.16. Bildiriş – Banka aid aksiyalar və fərdi əməliyyatlar haqda məlumat.

2. Mobil bankçılıqda qeydiyyatdan keçmə qaydası

2.1. Mobil cihazlardan istifadə etməklə Mobil Bankçılıqda 3 qaydada qeydiyyatdan keçmək mümkündür:

2.1.2. Asan İmza vasitəsilə qeydiyyat. İstifadəçi Asan İmzaya qoşulub Mobil Bankçılıqda “Asan İmza vasitəsilə qeydiyyat”funksiyasını seçməklə müvafiq xanalara mobil telefon nömrəsini və “Asan Xidmət” tərəfindən təqdim olunmuş Asan ID–ni daxil edir. Bu zaman mobil telefon nömrəsi dedikdə, İstifadəçinin qeydiyyatdan keçməsindən qabaq Bankla hər hansı müqavilənin bağlanması zamanı onun tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş və dəyişilməmiş mobil telefon nömrəsi nəzərdə tutulur. Daxil edilmiş məlumatlar düzgün olduğu halda İstifadəçi Mobil Bankçılığa daxil olmaq və əməliyyatları aparmaq üçün 4 rəqəmli şifrəni özü müəyyən edir.

2.1.4. Qeydiyyatdan keçmə üsuluna görə yol verilən əməliyyatlar: - ASAN imza vasitəsilə qeydiyyat – bütün növ Bank əməliyyatları;

3. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması

3.1. Mobil Bankçılıqda Asan İmza vasitəsilə qeydiyyatdan keçməsi halında Mobil Bankçılıqda aşağıdakı əməliyyatlar aparıla bilər və sənədlər imzalana bilər:

3.1.1. Cari və Əmanət hesablarının açılması, buna dair müvafiq sənədlərin, o cümlədən əmanət müqavilələrin, bank hesabları üzrə xidmət müqavilələrinin imzalanması üçün müvafiq internet resursuna yönləndirilmə ;

3.1.2. İstifadəçinin Cari hesablarından pul vəsaitinin digər cari hesablarına köçürülməsi (o cümlədən ödəniş kartından bank hesablarına və bank hesablarından ödəniş kartlarına);

3.1.3. İstifadəçinin Bank qarşısında olan kredit borclarının ödənilməsi;

3.1.4.Bank hesablarından çıxarışları və İstifadəçinin rekvizitlərinin Bankın qüvvədə olan tariflərinə uyğun İstifadəçinin hesablarından akseptsiz komisyon haqqının silinməsi şərtilə, qeyd etdiyi elektron poçt ünvanına göndərilməsi;

3.1.5. Ödəniş kartlarının sifariş edilməsi;

3.1.6. Ödəniş kartlarının risk qrupunun dəyişdirilməsi;

3.1.7.Ödəniş kartlarının bloka salınması və blokdan azad edilməsi,

3.1.9. Kreditlərin əldə edilməsi üçün müraciət edilməsi.

4. İstifadəçinin öhdəlikləri

4.1. Mobil telefon SIM-kartının və mobil cihazının itməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək;

4.2. Mobil telefon SIM-kartının və/və ya mobil cihazının itirilməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi barədə məlumatı dərhal Bankın 117 nömrəsinə zəng edərək məlumat vermək. Bu zaman Bank, məlumatın daxil olduğu tarixdən etibarən ən geci növbəti iş günü ərzində İstifadəçinin Mobil Bankçılıqda olan qeydiyyat yazısını bloklaşdırır.

4.3. Qaydalara və Mobil Bankçılığa Bank tərəfindən birtərəfli qaydada dəyişikliklərin edilməsi hüququnu qəbul edir. Yenilənmiş Qaydalar Mobil Bankçılıqda yerləşdirdiyi gün İstifadəçi tərəfindən onların qəbul edildiyi gün sayılır.

4.4. Bank, İstifadəçinin telefon kitabçasında mövcud olan mobil nömrə sahibləri barədə məlumatları öz bazasında saxlamır və üçüncü tərəfə ötürülməməsinə zəmanət verir.

5. Mobil Bankçılıq vasitəsilə aparılmış əməliyyatlar barədə sorğu və etirazların verilməsi qaydası

5.1. Mobil bankçılıq vasitəsilə aparılmış hər hansı əməliyyatla bağlı sorğu və etiraz Bankın 117 nömrəsinə zəng etməklə və ya mobil bankçılıq vasitəsilə verilir. Sorğu və etiraz əməliyyatın həyata keçirildiyi gündən yalnız 14 (on dörd) iş günü ərzində verilə bilər. Bu müddət keçdikdən sonra Banka ünvanlanmış sorğular və etirazlara baxılmır və cavablandırılmır.

5.2. Bütün sorğu və ya etirazlar verildiyi tarixdən etibarən 15 (on beş) iş günü ərzində Bank tərəfindən cavablandırılır.

6. Sənədlərin hüquqi qüvvəsi

6.1. Bu Qaydalar istifadəçi tərəfindən Asan İmza ilə təsdiq edilir.

6.2. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər kağız daşıyıcıda olan İstifadəçinin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

6.3. İstifadəçi qəbul edir ki, Asan İmza ilə təsdiq olunmuş Qaydalar, o cümlədən Bank tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Qaydalar, Mobil bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı təsdiqlənmiş elektron sənədlər mübahisələrin həlli zamanı sübutdurlar.

7. Məsuliyyət

7.1. İstifadəçi Mobil Bankçılıqda qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

7.2. Mobil telefon SIM-kartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.

7.3. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən rekvizitlərin, məbləğlərin və ya digər məlumatın səhv daxil edilməsinə görə və bunun nəticəsində ona dəymiş zərərə görə Bank məsuliyyət daşımır.

7.4. Mobil Bankçılıq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

7.5 Əgər cihaza avadanlıq istehsalçısının razılığı olmadan proqram təminatı quraşdırılması üçün müdaxilə edilibsə, Bank təhlükəsizliyə zəmanət vermir

8. Təhlükəsiz istifadə qaydaları.

8.1.MB (Mobil Bankçılıq) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədləri rəqəmsal imza ilə (Asan İmza) imzalaya bilərsiniz. İdentifikasiya məlumatları və rəqəmsal imza yüksək səviyyəli təhlükəsizlik texnologiyası və müvafiq kodlarla qorunur. Mobil telefon eyni zamanda həm Asan İmza üçün smart kart (asan imza kartı), həm də kart oxuyucu qurğu kimi istifadə olunur. Asan İmza (Mobile ID) elektron xidmətlər mühitinə giriş üçün təhlükəsizlik aləti hesab edilir və rəqəmsal imzanın qoyulmasına imkan verir. Ona görə də MB-dən və “Asan İmza”-dan (Mobile ID) istifadə edərkən sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:

8.2. İmzalama açarları SIM kartda yerləşdiyi üçün telefonda quraşdırılan SIM kartı və kodları, həmçinin mobil cihazınızı kənar şəxslərə verməyin.

8.3. Asan İmza (Mobile ID) SIM kart, kodlar və mobil telefonunuz digr şəxslərin əlinə keçdiyi zaman onlar Sizin adınızdan sövdələşmə imzalaya, həmçinin şəxsi verilənlərinizi görə bilərlər. Bu halda onlar tərəfindən götürülən öhdəliklər Sizin üzərinizə düşəcəkdir.

8.4 MB-ə Asan imza ilə qoşulduqdan sonra sizə təqdim edilmiş ilkin kod və ya şifrələri dəyişmək məsləhət görülür.

8.5. Kod və ya şifrələri telefondan ayrı saxlayın. Onlarıın kənar şəxslərə verilməməsi çox vacib məsələ hesab edilir. Ona görə də bu məlumatları telefondan ayrı saxlamaq məsləhət görülür. Məlumatları əzbərləyin və ya etibarlı yerə qeyd edin.

8.6. Kodlar üçün sadə kombinasiyalardan (0000, 1111, 1234 və s.), ad günü, ev və mənzillərin nömrəsi və s. istifadə etməyin.

8.7. Telefonun ekranında istifadə etmək istədiyiniz xidmətin adının yazıldığından əmin olun.

8.8. Mobil telefon oğurlandığı və ya itirildiyi zaman ilk olaraq texniki dəstək xidmətlərinə (Mobil operatorunuza və Banka) müraciət edib Sizə məxsus olan Asan İmza (Mobile ID) SIM kartınızı bloka salınsın və MB-a girişiniz məhdudlaşdırılsın.

9. Kart sifarişi və kartın çatdırılması xidməti.

9.1. Mobil bankçılıq üzərindən ödəniş kartlarının sifariş edilməsi xidməti, yalnız, bankın müştərisi olmuş və eyniləşdirilmiş şəxslər üçün keçərlidir.

9.2. Bunun üçün MB üzərindən müvafiq kart növü seçilməklə sifariş edilir. Sifariş edilməklə müştəri kartın ona çatdırılması xidmətindən istifadəyə razılıq vermiş hesab olunur.

9.3. Sifariş edilmiş kart (təhvil təslim aktı və digər zəruri sənədlər Abşeron, Bakı və Sumqayıt ş. üzrə 7 (yeddi) iş günü müddətində bank nümayəndəsi tərəfdən müştərilərə kart bağlı zərfdə olmaqla çatdırılır.

9.4. Çatdırılmış zərfləri müştəri şəxsən özü qəbul edib açmalıdır, müştərinin şəxsiyyətini təsdiq edən sənəd (sənədin etibarlılıq müddəti kartın alınma tarixinə qüvvədə olmalıdır) mütləq üzərində olmalıdır. Müştəri, ona təqdim edilmiş sənədlərlə tanış olub imzalayıb bir nüsxəsini küryerə qaytarır. Sənəd və kartın üçüncü şəxslərə verilməsi nəzərdə tutulmayıb.

9.5. Çatdırılma xidmətini sifariş etdikcə, müştəri bank nümayəndəsi ilə telefon zəngləşməsi zamanı razılaşdırılmış vaxt aralıqda qeyd edilmiş ünvanda nümayəndəsini qəbul etmək və sənədləşməni icra etməsinə şərait yaratmalıdır. Müştəri bu məsuliyyətini yerinə yetirməsə, bank nümayəndəsi kartını bank filiala qaytarmalıdır və müştəri kartı əldə etmək üçün filiala yaxınlaşmalıdır. Müştəri kartı sifariş günündən sonra bir ay götürməsə kart və kart hesabı bağlanır.

9.6. Müştəri sənədləri imzalayıb kuryerə təqdim etməklə, təhvil təslim aktını imzalamaqla ona göstərilmiş kart sifarişi, kartın çatdırılması xidməti qəbul etmiş hesab edilir və sonradan bu barədə banka və bu xidmətə qarşı heç bir irad və ya tələb, pretenziya verə bilməz.

10. Digər müddəalar

10.1. Bu Qaydalar üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi üçün Mobil bankçılıq sistemində aparılan əməliyyatlar üzrə ödəniş Bankın Tariflərinə uyğun olaraq tutulur. Tariflər Bankın rəsmi saytında yerləşdirilir və İstifadəçi sayta mütəmadi daxil olaraq onlarla tanış olmağı öhdəsinə götürür. Bank Birtərəfli qaydada mövcud Tariflərdə və aparılan əməliyyatların qaydalarında dəyişiklik etmək hüququna malikdir.

10.2. Bu Qaydalar İstifadəçinin şəxsi imzası ilə təsdiq edilmiş kağız sənədlər ilə bərabər hüquqi qüvvəyə malikdir.

10.3. Mobil bankçılıq vasitəsi ilə İstifadəçi tərəfindən aparılan əməliyyatlar üçün Banka göndərilən elektron sifariş və tapşırıqlar, Bank tərəfindən İstifadəçi hesablarında əməliyyatların aparılması üçün əsasdır.

10.4. Bu Qaydalar və mobil bankçılıq vasitəsilə təsdiq edilmiş sənədlər mübahisələrin həlli zamanı sübut kimi qəbul edilir.